Kabinetində güllələnən azərbaycanlı nazir – O, anasının qatilini niyə bağışladı? 

Kabinetində güllələnən azərbaycanlı nazir – O, anasının qatilini niyə bağışladı? 

Maraqlı 24.12.2025 21:55 65

“Biz dünyanın ən gözəl insanını sizə veririk. Təhlükəsizlik komitəsində hamı onu “Apollon B” adlandırır. Onu qoruyun…”

Bu cümlə Azərbaycan Respublikası Daxili İşlər naziri işləmiş general-leytenant Arif Heydərovun toyunda onun xanımına Təhlükəsizlik Komitəsinin əməkdaşı tərəfindən deyilmişdi. Sözlər həm heyranlıq, həm də məsuliyyət yükü daşıyırdı. Lakin illər sonra məlum oldu ki, bu yükü heç kim daşıya bilmədi. Nə onu deyənlər, nə də onu qorumağa borclu olanlar.

KQB-də “Apollon B”, türk əks-kəşfiyyatında isə “Qaraqaş” ləqəbi ilə tanınan Arif Heydərov sonda öz iş otağında sui-qəsdin qurbanına çevrildi. Ömrünü təhlükəsizliyə, dövlətə və gizli cəbhələrə həsr etmiş bir kəşfiyyatçının taleyi ironik şəkildə məhz təhlükəsizliyin ən yüksək olduğu məkanda yarımçıq qaldı.

Ağdaşdan Berlinə uzanan həyat yolu

Arif Heydərov 1926-cı ilin 28 iyununda Ağdaş şəhərində dünyaya gəldi. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirdi. Əmək fəaliyyətinə 1942-ci ildə başladı, Əzizbəyov Neft Trestində çilingər kimi çalışdı. Bir il sonra Moskvaya xüsusi təhsil məktəbinə göndərildi. Gənc yaşlarında İkinci Dünya müharibəsinin iştirakçısı oldu, 1944–1945-ci illərdə Berlinə hücum əməliyyatında döyüşdü. Müharibədən sonra Polşa və Almaniyada müttəfiq qoşunların tərkibində xidmətini davam etdirdi.

1949-cu ildən etibarən onun həyatı tamam fərqli bir müstəviyə keçdi. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat şöbəsində çalışmağa başladı. Uzun illər ərzində operativ tapşırıqlarla xarici ölkələrə ezam olundu, Almaniya Demokratik Respublikasında və Türkiyədə daimi işdə çalışdı. 1967–1970-ci illərdə Türkiyədə konsul vəzifəsini icra etdi. 1970-ci ildə isə Azərbaycan SSR Daxili İşlər Naziri təyin olundu və bu vəzifəni 1978-ci ilə qədər daşıdı. Eyni zamanda Azərbaycan SSR Ali Sovetinin deputatı idi.

Arif Heydərov alman, ingilis, türk və fars dillərini mükəmməl bilirdi. SSRİ-nin “Qırmızı Bayraq”, “Şərəf nişanı” ordenlərinə, eləcə də çoxsaylı sovet və xarici ölkə medallarına layiq görülmüşdü. Bu gün Bakıda onun adını daşıyan tanker, küçə, hospital və məktəb var. Amma onun adı daha çox pərdəarxası tarixdə yaşayır.

Jirinovskinin azadlığı və səssiz diplomatiya

Arif Heydərovun fəaliyyəti ilə bağlı maraqlı epizodlardan biri də Vladimir Jirinovskinin taleyi ilə bağlıdır. Sonralar Rusiya Liberal Demokrat Partiyasının lideri kimi tanınan Jirinovski bir zamanlar Türkiyədə, Əlağa qəsəbəsində tərcüməçi işləyib. Həmin dövrdə türk gəncləri arasında kommunist ideyalarını təbliğ etdiyi, Leninin şəkli olan döş nişanları payladığı üçün həbs edilib. Onun həbsdən azad olunması isə məhz Türkiyədə konsul işləyən Arif Heydərovun vasitəçiliyi ilə baş tutub.

İkinci Dünya müharibəsindən sonra gərginləşən SSRİ–Türkiyə münasibətləri 1960-cı illərin ortalarından etibarən tədricən normallaşmağa başlayırdı. Arif Heydərovun diplomatik bacarığı nəticəsində Jirinovskinin səs-küy salınmadan ölkədən çıxarılması bu münasibətlərə kölgə düşməsinin qarşısını aldı.

Konsulluqda dalğalanan Azərbaycan bayrağı

Onun şəxsiyyətində dövlətçiliklə yanaşı, güclü vətən sevgisi də vardı. “General Arif Heydərov” adlı xatirələr toplusunda həyat yoldaşı Ədilə xanım yazır:”O əsl vətənpərvər idi. Türkiyə səfirliyində 3 il konsulluq şöbəsinin rəisi işləyən zamanlarda olub bu əhvalat. 28 apreldi, SSRİ-nin Türkiyədəki səfirliyi üzərində SSRİ bayrağı ilə yanaşı, o vaxtadək heç kimin görmədiyi bir bayraq da dalğalanır, Xarici İşlər Nazirliyindən, müxtəlif qurumlardan zənglər gəlir, o nə bayraqdır elə? Arif Heydərov cavab verir: – Bu gün mənim Azərbaycanımın respublika elan edildiyi gündür, o şərəfə qaldırılıb bu bayraq. Məsələ düz SSRİ Xarici İşlər naziri Smirnova qədər böyüyür. “Arifə olar” – deyir. Türkiyədə bu olay yaddaşlarda qalır, növbəti il xeyli insan zəng edib səfirlikdə işləyən azərbaycanlıları təbrik edirdilər, bizi qonaq dəvət edirdilər”.

Anasının qatilini bağışladı

Çox az adam bilir ki, Arif Heydərovun anası avtomobil qəzasında ölüb. Taksi sürücüsü böyük sürətlə idarə etdiyi maşınla yaşlı qadını vurub. Təqsirkar sürücüdür, – ekspertlər birmənalı belə qərar çıxardı və nazirə məlumat verdilər.

– Uşaqları varmı? – nazir soruşdu.

– Üç uşağı var. Kiçik qızı 1 yaşdadır.

Nazir susqun halda bir müddət fikirləşdi, sonra düşüncəli halda dedi:

– Anamı artıq qaytarmaq mümkün deyil. Uşaqları niyə cəzalandıraq, atasız qoyaq?

Arif Heydərovun həyatı bir dövlət adamının, kəşfiyyatçının və vətənpərvərin taleyi idi. Qoruduğu dövlət yaşadı, qaldırdığı bayraq dalğalandı. Amma özü qoruna bilmədi.

Nazir kabinetində açılan atəş

Azərbaycan SSR Ali Sovetinin deputatı, respublika daxili işlər naziri general-leytenant Arif Heydərovun xidməti kabinetində güllələnməsi sülhün və əmin-amanlığın carcısı missiyası ilə çıxış edən, eyni zamanda Qərb dövlətlərilə “soyuq müharibə” aparan Sovet İttifaqına başucalığı gətirə bilməzdi.

Azərbaycanın daxili işlər naziri Arif Heydərovun qətlə yetirilməsi hadisəsi keçmiş DTK sədri Vaqif Hüseynovun yazdığı “Bir ömürdən də çox” kitabında da təsvir olunub.

Vaqif Hüseynov həmin hadisəni memuarında belə xatırlayır. Ona Arif Heydərovun öldürüldüyü xəbəri Yuri Andropovun müavinlərindən biri olan Semyon Kuzmiç Sviqun tərəfindən çatdırılır. Daha sonra o, 1978-ci ilin iyulunda Azərbaycan SSR daxili işlər nazirinin kabinetində baş vermiş qətlin təfərrüatlarını danışmağa başlayır.

Atəşi açan şəxs Şuşa həbsxanasının milis kapitanı Ziya Muradov idi.  Kabinetə keçməzdən əvvəl DİN veteranı, nazir köməkçisi, polkovnik Səfixanovu qətlə yetirib. Müavinləri və respublikanın Ali Məhkəmə sədri ilə işgüzar müşavirə keçirən A.Heydərov kapitanın ikinci qurbanı olub.
General T.Qurbanov, Böyük Vətən müharibəsi veteranı, Sovet İttifaqı qəhrəmanı ölümcül yaralanıb.

Hadisədən dərhal sonra SSRİ DİN rəhbəri Şelokovun başçılığı ilə istintaq qrupu Bakıya gəldi. Moskvaya məlumat verildi. Muradovun psixoloji vəziyyəti müzakirə olunsa da, siyasi kontekst açıq görünürdü: respublika Leonid Brejnevin səfərinə hazırlaşırdı və bu qətl ciddi narahatlıq doğururdu.

Xarici radiostansiyalar Bakıda öldürülən iki polis generalı barədə məlumatlar yayır, şəhərdə yalnız bu hadisə müzakirə olunurdu. Təhqiqat materialları Moskvaya aparıldı və nəticə belə oldu: hadisə siyasi deyil, kapitanın xidməti və məişət problemləri fonunda yaşadığı əsəb partlayışının nəticəsidir.

İstintaq zamanı məlum olmuşdu ki, Şuşa həbsxanasının zabiti Ziya Muradov Şuşa türməsinin klubunda məskunlaşmışdı, işləri getmirdi, arvadı axırda valideynlərinin yanına qayıdıb, çünki soyuq, rahatlığı olmayan məkanda kiçik uşaqla qalmaq qeyri-mümkün idi. Kapitan rəhbərliyə onu başqa işə, bəlkə də yüksək dağ yamacından aşağıda bir yerə keçirməklə bağlı şikayət və yalvarışlı xahişlərlə dolu raportlar göndərib, iki dəfə nazirin qəbulunda olub. Nazirin çıxardığı qərarların heç biri icra edilməyib. Sonda süründürməçiliklə cana yığılan zabit bu hadisəni törədib.

Qətl günü orada məktub da tapılır. “Nazir müavini S.Hüseynova, kadrlar şöbəsinin rəisi polkovnik Ş.Məmmədquluyevə, kadrlar üzrə inspektor F.Əfəndiyevə: siz rüşvətxor, süründürməçiləri də ölüm gözləyir”.

1979-cu ildə hadisəni araşdıran Moskvadakı istintaq qrupu Z.Muradov öldüyünə görə işə xitam verib. Qətldən bir il sonra qatilin hədələdiyi DİN kadrlar şöbəsinin rəisi polkovnik Ş.Məmmədquluyev “yaşının çox olması”, şöbənin inspektoru mayor F. Əfəndiyev isə “xəstəliyinə” görə işdən azad edilib.

Dəniz

Reklam