“Babək”i əlindən alınınca yatağa düşən, qışqıraraq ölən Xalq artisti – Bağırov ondan nə istəyirdi?
Bəzən insan elə yaşayır ki, taleyi də onun kimi tələskən olur. Həsən Seyidbəyli məhz belə adamlardan idi. O, həyatı uzun-uzadı danışmağı sevmirdi, filmlərində də, gündəlik davranışında da artıq sözə yer vermirdi. Amma susqunluğunun arxasında daim qaynar bir ruh, daim narahat bir vicdan vardı. Azərbaycan kinosu onu məhz bu narahatlığın müəllifi kimi tanıdı. O, rejissor, ssenarist, yazıçı olmaqla yanaşı, Azərbaycan kinosunun taleyini çiyinlərində daşıyan ictimai xadimlərdən biri idi.
Bu gün Xalq artisti, rejissor Həsən Seyidbəylinin doğum günüdür.
Xalq artisti Həsən Seyidbəyli 1920-ci il dekabrın 22-də Bakı şəhərində dünyaya gəlib. Uşaqlıq və gənclik illəri Bakının mədəni mühitində keçib. O, 132 saylı şəhər orta məktəbində təhsil alıb. Ailədə üç qardaş olublar və Həsən evin ortancıl övladı idi. Onların hər üçü uşaqlıqdan idmana böyük maraq göstəriblər. Böyük qardaşı Kamil voleybolla, Həsən akrobatika ilə, kiçik qardaşı Adil isə gimnastika ilə məşğul olub. Bu fiziki çeviklik və iradə onun xarakterində də özünü göstərib. Sonralar kino meydanında da eyni çevikliklə manevr edəcək, amma heç vaxt əsas xəttindən dönməyəcəkdi.

Sənətə gedən yolunu ciddi təhsillə möhkəmləndirən Seyidbəyli 1938-ci ildə Leninqrad Kino Mühəndisləri İnstitutunda oxumağa başlayıb. Müharibə illərinin çətinliklərinə baxmayaraq, təhsilini davam etdirib və 1943-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsinə daxil olub. Burada Sergey Eyzenşteyn və Qriqori Kozintsev kimi dünya kinosunun nəhəng sənətkarlarının tələbəsi olub. Leninqrad və Moskva illəri onun dünyagörüşünü genişləndirdi. Eyzenşteyn və Kozintsev məktəbi ona kadrın, pauzanın, sükutun qiymətini öyrətdi. Seyidbəyli kinoya baxanda sadəcə hadisə görmürdü, insanın içindəki qorxunu, tərəddüdü, üsyanı görürdü. Bəlkə də buna görə onun filmlərində qəhrəmanlar danışmaqdan çox susur, amma o sükut hər şeyi deyirdi.
Təhsilini başa vurub Bakıya qayıtdıqdan sonra isə onu uzun müddət kinoya yaxın buraxmayıblar. Təxminən dörd-beş il müxtəlif səbəblərlə çəkiliş meydanından kənarda saxlanılıb. Amma bu dövr onun sənət eşqini qıra bilməyib. Seyidbəyli səssizcə gözlədi. İçində film çəkdi, dialoqlar qurdu, obrazlar yaratdı. Nəhayət, çəkiliş meydanına qayıdanda artıq təsadüfi rejissor deyildi. O, öz sözünü bilən sənətkar idi.

Sonralar “Azərbaycanfilm” kinostudiyasında rejissor kimi fəaliyyətə başlayıb. Paralel olaraq Azərbaycan Kinematoqrafçılar İttifaqında məsul vəzifələr tutub, İdarə heyətinin birinci katibi və sədri olub. O, təkcə film çəkən rejissor deyil, həm də Azərbaycan kinosunun inkişafı üçün mübarizə aparan ictimai xadim idi. Onun filmləri Ümumittifaq kino festivallarında mükafat və diplomlara layiq görülüb.
Həsən Seyidbəyli eyni zamanda yazıçı və ssenarist kimi də tanınıb. “Telefonçu qız”, “Uzaq sahillərdə”, “Cəbhədən cəbhəyə” kimi nəsr əsərləri qələmə alıb. “Telefonçu qız” və “Uzaq sahillərdə” ekranlaşdırılıb, “Cəbhədən cəbhəyə” əsərindən isə “O qızı tapın” filminin ssenarisində qismən istifadə olunub. Demək olar ki, bütün filmlərinin ssenarisini özü yazıb. “Bizim Cəbiş müəllim” onun ssenarisini yazmadığı yeganə film olub. Bu filmdə dialoqların böyük hissəsi aktyor improvizasiyası üzərində qurulub və Seyidbəyli aktyorlara sərbəstlik verib, onları sıxmayan rejissor kimi yadda qalıb.

O, övladlarını da filmlərinə çəkib. Oğlu Ziya Seyidbəyli “O qızı tapın” filmində rol alıb. Buna səbəb uyğun aktyor tapa bilməməsi olub. Daha sonra övladlarının hər üçünü “Bizim Cəbiş müəllim” filmində çəkib. Bu addımı isə uşaqlarından kinoda bir yadigar qalması üçün atıb. Maraqlıdır ki, övladlarının heç biri sonradan kino sahəsinə yönəlməyib.
Seyidbəyli həyatda da rəngarəng maraqları olan insan idi. Yaxşı musiqilərə qulaq asmağı, bilyard oynamağı, ova getməyi və dənizdə üzməyi çox sevib. “Bitlz” qrupunun musiqilərinə xüsusi rəğbəti varmış. Üzgüçülüyü peşəkar səviyyədə bacarırdı. Gənclik illərində Nardaranda dənizdə iki qızı batmaqdan xilas etməsi bu bacarığın real sübutu olub.
“Nəsimi” filminin çəkilişi zamanı ssenari müəllifi İsa Hüseynovla arasında bir neçə dəfə ciddi mübahisələr yaşanıb. İsa Hüseynovun inciyərək çəkiliş meydançasını tərk etdiyi anlar olub. Buna baxmayaraq, Seyidbəyli sənətdə güzəştə getməyən, amma nəticəyə fokuslanan rejissor idi.

Onun xeyirxahlığı barədə də xatirələr çoxdur. Deyilənə görə, həbsdən çıxmış, ayağında problemi olan Tahir adlı bir adama təsadüfən rast gəlib. Az qala maşınla vuracağı bu şəxsi sonradan yanacaqdoldurma məntəqəsində işlə təmin edib.
Rejissor altmış illik yubileyi üçün “Nizami” filmini çəkmək istəyib. Lakin səhhətinin kəskin pisləşməsi səbəbindən məktub yazaraq filmi çəkə bilməyəcəyini bildirib. Onun ən böyük arzularından biri isə “Babək” filmini çəkmək olub. Filmin hazırlıqlarına başlanılsa da, çəkiliş başlamamış bu iş onun əlindən alınıb və film Eldar Quliyevə verilib. Bu hadisənin Seyidbəylinin ölümünü tezləşdirdiyi də deyilir. Oğlu Ziya Seyidbəyli isə sonralar bildirib ki, atasının diabet xəstəliyi onun səhhətini içəridən yeyirdi və ölümün əsas səbəbi açıqlanmasını istəmədikləri başqa amillər olub.
Bir vaxtlar Mircəfər Bağırov Seyidbəyli soyadına görə onu Mərkəzi Komitəyə çağırıb. Həmin soyadın Sibirdə sürgün olunmuş Qarabağ nəsli ilə əlaqəsi olub-olmadığını soruşub. Bakılı olduğunu biləndən sonra onu sərbəst buraxıblar.

Həsən Seyidbəyli tələbkar rejissor idi. Qışqırırdı, tələb edirdi, güzəştə getmirdi. Onun sözünü iki eləmək mümkün deyilmiş. Amma bu sərtliyin içində qəribə bir incəlik vardı.
Çox maraqlı, lətifə danışmağı, gülməyi çox sevən biri olub. Hərdənbir adamlarla səviyyəli əylənməyi olub. Oğlu Ziya bakenbard saxlamağı xoşlayırmış. Onun isə bakenbarddan xoşu gəlmirmiş. Bir gün oğlu evdən çıxmağa hazırlaşanda deyib ki, pul istəyirsənsə gəl, bakenbardlarını mənə sat, neçəyə desən alacam. Oğlu əlli manat deyib. Bakenbardın birini təraş edəndən sonra o, oğluna iyirmi beş manat verib. Oğlu təəccüblənəndə isə deyib ki, o biri bakenbardı saxlaya bilərsən.
“Nəsimi” filmində maraqlı bir jesti ilə yadda qalıb. Aktrisa Xalidə Quliyevanın uzun hörükləri varmış. Rola uyğun olaraq qrimçi onun hörüklərini kəsmək istəyəndə buna imkan verməyib və şinyon taxılmasını tapşırıb.

Xalidə xanım müsahibələrinin birində başqa bir əhvalatı da xatırlayır: “Filmdə bir səhnə də vardı. Yusif paltarlarımı gətirir ki, əynimi dəyişim. Orda Həsən Seyidbəyli istəyirmiş ki, mən paltarı soyunub-geyindiyim səhnəni çəksin. Mən çox sonralar bunu başa düşdüm. O, mənə dedi ki, Xalidə, elə et ki, paltarın sürüşsün, çiynin görünsün. Nə qədər əlləşdim, utandığımdan paltarımı sürüşdürə bilmədim. Seyidbəyli bunu başa düşdü və heç üzümə də vurmadan qayıtdı ki, artıq çəkildin. Film ekranlara çıxanda heç o səhnə yox idi. Anladım ki, həmin səhnə alınmadığı üçün filmə daxil etməyiblər.”
“Nəsimi” filmində Rasim Balayevin baş rola çəkilməsinə qarşı Mərkəzi Komitədən ciddi etirazlar olub. Amma Seyidbəyli qərarından dönməyib. Nəticədə film böyük uğur qazanıb. Bu uğurdan sonra isə ona qarşı açıq və gizli mübarizə başlayıb, film çəkməsinə maneələr yaradılıb.
“Nəsimi”dən sonra o “Babək” filmini çəkmək istəyir. Hətta filmin hazırlıqlarına da başlanır. Amma çəkiliş başlamamış filmi onun əlindən alıblar. Bu hal gizlin baş verib. Həmin vaxt stress nəticəsində Seyidbəyli xəstəxanaya düşür. Bu əhvalatdan sonra “Babək”i Eldar Quliyev çəkir. O film ekranlara çıxanda artıq Həsən Seyidbəyli həyatda yox idi. Deyilənlərə görə, bəstəkar Tofiq Quliyev Babək filmində Seyidbəyli ilə bəstəkar kimi işləməli imiş. Amma eşidəndə ki, filmi o yox, öz oğlu Eldar Quliyev çəkəcək, bəstəkarlıqdan imtina edib.

Həsən Seyidbəylinin ölümü çox ani olub. 1980-ci il iyunun 25-də, nahardan sonra halı qəfil pisləşib. Həyat yoldaşı ona iynə vursa da, vəziyyəti düzəlməyib. Ölümü də həyatı kimi ani oldu. Bir neçə saniyənin içində. Oğlu Ziyanın qucağında. Sanki sözünü deməyə vaxt tapmayan bir adam kimi getdi. Amma əslində, o, çoxdan hər şeyi demişdi. Sadəcə, bunu sözlə yox, kadrla etmişdi.
Həsən Seyidbəyli Azərbaycan kinosunda yalnız filmləri ilə deyil, sənətə sadiqliyi, güzəştsiz mövqeyi və insanlığı ilə də dərin iz qoymuş şəxsiyyət olaraq yadda qalıb. Onun adı bu gün də milli kinomuzun vicdanı kimi xatırlanır.
Dəniz
Yazıda Kulis.az-ın materiallarından istifadə olunub.
Reklam
Oxşar xəbərlər
Dünyada ən qəribə yeni il inancları – İnanmaq çətindir
İnsan yuxuda niyə yıxıldığını hiss edir? – ELMİ İZAH
Dünyanın ən qəribə qanunları – İnanmaq çətindir
Dejavü hissi nədir? Mütəxəssislər səbəbini açıqladı
Gündə 30 dəqiqə kitab oxumağın MÜSBƏT TƏSİRLƏRİ
Yeni il üçün ideal hədiyyə seçimləri