Vəkil adından istifadə edənlər 800 manat cərimələnəcək

Vəkil adından istifadə edənlər 800 manat cərimələnəcək

Cəmiyyət 20.12.2025 20:42 19

Vəkil adından qanunsuz istifadəyə görə cərimələrin dispozisiyasında dəyişiklik ediləcək.

AZ24.az Unikal-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Mövcud qanunvericiliyə görə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə olunmasına görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 600 manatdan 800 manatadək məbləğdə cərimə edilir.

Layihəyə əsasən, Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən gəlir əldə etməklə özünə münasibətdə və ya təşkilatının adında “vəkil” sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunmasına görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 600 manatdan 800 manatadək məbləğdə cərimə ediləcək.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Reklam