Diri-diri basdırılan, qəbri açılan aktrisanın sirli ölümü – Gülşən Qurbanova haqqında GERÇƏKLƏR
Azərbaycan səhnəsində elə simalar var ki, onların adı çəkiləndə üzlərdə təbəssüm yaranır. Gülşən Qurbanova da məhz belə aktrisalardan idi. O, tamaşaçıya gülüş bəxş edirdi, amma öz ömrü boyu gülüşü bir qalxan kimi istifadə edirdi. Sonralar özü də etiraf edəcəkdi: “Gülüş – mənim müdafiə reaksiyamdır.” Yaşasaydı, bu gün 75 yaşı olacaqdı…
Gülşən Ağadadaş qızı Qurbanova 19 dekabr 1950-ci ildə Bakıda dünyaya gəlib. Orta təhsilini rus bölməsində alıb. Hələ 15 yaşında kitabxanaçılıq texnikumunu bitirməsi, ardınca televiziyada rejissor assistenti kimi çalışmağa başlaması onun sənətə erkən bağlandığını göstərirdi. Bu yol təsadüfi deyildi – o, teatrın, səhnənin, kameranın içində böyüyürdü. Hətta 5-ci sinifdə oxuyanda bütün sinif uşaqlarını yığıb teatra aparmış və qapıda “Mən Ağadadaş Qurbanovun qızıyam” deyərək, onların hamısını içəri keçirə bilmişdi.

1974-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsini bitirdikdən sonra Gənc Tamaşaçılar Teatrına dəvət olunur və qısa müddətdə teatrın aparıcı aktrisalarından birinə çevrilir. Onun səhnədə yaratdığı obrazlar canlı idi, temperamentli idi, tamaşaçıya yaxın idi.
“Mənim nəğməkar bibim”, “Ana laylası”, “Tamahkar”, “Zəncirlənmiş Prometey”, “Pul dəlisi”, “Bala bəla sözündəndir” kimi tamaşalarda Gülşən Qurbanova sadəcə rol oynamırdı – obrazın içində yaşayırdı.

Kino sahəsində də fəal idi. Onun yaradıcılıq yolunda 20-dən artıq film yer aldı və hər ekran işində aktrisanın səmimiyyəti hiss olunurdu.
Gülşən Qurbanovanın uşaqlığı ağır bir faciə ilə yarımçıq qaldı. O, tanınmış aktyor Ağadadaş Qurbanovun qızı idi. Atasının ölümü isə onun gözləri qarşısında baş verdi. Salyana qastrol səfəri zamanı ata və qızın qaldığı mehmanxananın eyvanı uçur. Ağadadaş Qurbanov hadisə yerində vəfat edir, Gülşənin isə qolu sınır. Onu xəstəxanaya aparırlar və atasının ölüm xəbəri bir müddət gizlədilir. Bu hadisə aktrisanın yaddaşında sağalmaz bir iz buraxır.

Məşhur aktyor Hamlet Qurbanov onun ata bir, ana ayrı qardaşı idi. Onlar yalnız atalarının dəfnində tanış olurlar. Gecikmiş qardaş-bacı görüşü ümidverici başlasa da, sonradan yenidən soyudur. Hamlet Qurbanovanın anası aktrisa Gülxar Həsənovanın Gülşən Qurbanovanın anası haqqında dediyi xoşagəlməz sözlər onların arasında soyuqluq yaradır.

Gülşən Qurbanovanın şəxsi həyatı da rahat olmadı. İlk evliliyi aktyor Rüstəmlə oldu. Bu nikahdan Kəmalə adlı qızı dünyaya gəldi. Lakin ailə həyatları uzun sürmədi. Sonralar aktrisa Mübariz Əlixanoğlu ilə ailə qurdu. Bu evlilik də davamlı olmadı; ayrılığın səbəbi Mübarizin alkoqola meylli adam olması idi. Mübariz Əlixanoğlu bir neçə filmdə, o cümlədən “Yol əhvalatı” filmində rol almışdı.

Bütün şəxsi sarsıntılara baxmayaraq, Gülşən Qurbanova sənətdən uzaqlaşmadı. 2006-cı ildə teatrdan ayrılsa da, televiziya onun üçün yeni bir mərhələ açdı. AzTV-də yayımlanan “Gəlin, birlikdə gülək” verilişi aktrisanın yeni auditoriya qazanmasına səbəb oldu. Xalq artisti Yasin Qarayev və Əməkdar artist Azər Mirzəyevlə birgə ekran işləri tamaşaçı tərəfindən böyük maraqla qarşılandı. Həmin illərdə onun Azər Mirzəyevlə eşq yaşadığı deyilirdi.

Daha sonra ANS telekanalında “Qaynar qazan” verilişinin aparıcısı kimi fəaliyyət göstərdi. Maraqlıdır ki, uzun illər səhnədə olan aktrisa bəlkə də ən geniş populyarlığını məhz həyatının son dövründə qazandı. Lakin bu əməkdaşlıq da incikliklə bitdi.
Gülşən Qurbanova həyatı boyunca üç dəfə infarkt keçirmişdi. Buna baxmayaraq, o, nikbinliyini qoruyurdu. Ölüm qorxusunu gizlətmirdi. Aktrisa həmişə iş yoldaşlarına və yaxınlarına deyərmiş ki, “əgər mən ölsəm, məni bir-iki gün saxlayın sonra basdırın. Ola bilər ki, mən dirildim”.
17 noyabr 2006-cı ildə, televiziya çəkilişindən evə qayıdarkən növbəti infarkt aktrisanın həyatını yarımçıq qoydu. O, 56 yaşında dünyasını dəyişdi. Ailəsi onu Fəxri Xiyabanda dəfn etdirmək istəsə də, buna nail ola bilmədi.
Həyatdan ayrılmaq istəmədiyini açıq şəkildə dilə gətirən aktrisanın bu sözləri, paradoksal olaraq, ölümündən sonra onun ətrafında dolaşan söz-söhbətləri səngitmədi. Əksinə, Gülşən Qurbanovanın vəfatı ilə bağlı şayiələr daha da çoxaldı, daha qaranlıq çalar aldı. Ən dəhşətlisi isə onun guya klinik ölüm keçirdiyi və diri-diri torpağa tapşırıldığı barədə yayılan iddia oldu. Bu söz-söhbətlər bir müddət cəmiyyətdə dolaşdı, hətta ailə üzvləri və yaxınları bunu açıq şəkildə təkzib etsələr belə, şayiələrin qarşısını almaq mümkün olmadı.
Bu günə qədər aktrisanın ölümü ilə bağlı suallar tam səngiməyib. İstər adi insanlar arasında, istərsə də sənət cameəsində onun gedişində nəsə anlaşılmaz bir tərəfin olduğu düşüncəsi zaman-zaman səslənir.
Adlarının çəkilməsini istəməyən bəzi həmkarlarının söylədiklərinə görə, aktrisanın ömrünün son illərində adı bir sıra anlaşılmaz məsələlərdə hallanmağa başlayıb. İddia olunur ki, günlərin birində o, efirdə olarkən Gülşən Qurbanovaya polisin onu axtardığı barədə xəbər çatdırılır, hətta polis bölməsində onu gözlədikləri deyilir. Deyilənə görə, bu xəbər aktrisanı ciddi sarsıdır. Qorxu və təşviş içində bir müddət məcburi köçkünlərin məskunlaşdığı yataqxanada gizləndiyi də iddialar arasındadır.

Söz-söhbətlərə görə, faciə də məhz orada baş verir. Guya bir gün çəkilişdən sonra yataqxanaya qayıdan aktrisanın ürəyi elə həmin məkanda dayanır. Daha sonra isə onun vəfat etdiyini eşidən yaxınlarının cəmiyyətdə səs-küy yaranmasın deyə cənazəni tələsik evə apardıqları iddia olunur. Bu deyilənlərin nə dərəcədə həqiqət olduğu isə rəsmi şəkildə heç vaxt təsdiqlənməyib.
Adının çəkilməsini istəməyən həmkarlarından biri deyir ki, ölümündən bir neçə gün sonra onun qəbri yaxınları tərəfindən açılır. İddia olunur ki, kəfəni cırıblar. Görüblər ki, üz gözü cırıq-cırıqdır. Sağ əli qulağının dibində qalıb. Bundan sonra belə qənaətə gəliblər ki, əslində o, dəfn edilərkən sağ imiş. Sadəcə polislərin axtardığını eşidəndən sonra güclü şok keçirib. Qəbirdə ayılıb və qorxudan ürəyi partlayıb. Gülşən köhnə qəbiristanlıqda dəfn olunub.
Lakin aktrisanın qızı Kəmalə sonradan açıqlama verərək bu fikirlərin həqiqətə uyğun olmadığını qəti şəkildə bildirib.
Gülşən Qurbanova dünyasını dəyişəndə yenicə doğulmuş nəvəsi Maqsudun 40-ı çıxmamışdı. O, nəvəsini cəmi 20 gün görə bilmişdi.
Bu gün onun adı çəkiləndə yaddaşlarda ilk olaraq gülüş canlanır. Amma o gülüşün arxasında ağır bir taleyin səssiz ağrısı dayanırdı. Gülşən Qurbanova Azərbaycan səhnəsində iz qoymuş, həyatı isə çox vaxt səhnədən kənarda sınaqlarla dolu olmuş bir sənətkar idi.
Dəniz
Reklam
Oxşar xəbərlər
Dünyada ən qeyri-adi ənənələr və adətlər
Bal arılarının inanılmaz yaddaşı sizi təəccübləndirəcək
18 yaşlı övladını tonqalda yandırdılar, özünü isə boğub öldürdülər – Məşhur bəstəkarın FACİƏSİ
Rafiq Hüseynov və Roza Tağıyevanın faciəli ailə hekayəsi – Oğullarını doğrayıb çamadana yığdılar
İtlərə bu qidaları QƏTİ VERMƏYİN