18 yaşlı övladını tonqalda yandırdılar, özünü isə boğub öldürdülər – Məşhur bəstəkarın FACİƏSİ
1937-ci ildə Bakıda dünyaya gələn Tamella hələ səkkiz aylıq körpə ikən atasız qalır. Atası Məmmədağa Sibirə, oradan isə İrana sürgün edilir. Qızının körpə gülüşü yadında qalmadan başqa bir ölkədə, başqa bir qadınla yeni həyat qurur. Anası Sara xanım isə ömrünü yarımçıq qalan ailənin yükünü daşımağa və qızını böyütməyə həsr edir. O, bağışlamır. Susur. Bu sükut Tamellanın taleyinə hopur.
Tamella böyüdükcə musiqiyə sığınır. Deyəsən, demədiyi hər sözü notlara çevirmək istəyirdi. Onun yazdığı “Ana”, “Ağarma, saçım!”, “Həsrətim mənim” mahnıları təsadüf deyildi – bunlar yaşanmış ağrıların səsə çevrilmiş forması idi.

18 yaşında bir idmançı ilə ailə qurur. Elə toy günü uşaqlıq yarasını yenidən açan bir görüş baş verir: illər sonra atasını ilk dəfə görür. Avstriyadan gələn zəngin iş adamı, qızıl mağazalarının sahibi olan ata – amma gecikmiş ata. Bu görüş nə keçmişi qaytara bilir, nə də Tamellanın içindəki boşluğu doldura bilir.
Gənc ailənin xoşbəxtliyi də uzun sürmür. Oğlu Çingiz hələ körpə ikən həyat yoldaşı başqasını xilas etmək istəyərkən dənizin qoynunda can verir. Tamella yenə tək qalır. Yenə dul. Yenə ana.
Həyatının ən ağır zərbəsini 1981-ci ildə alır. 18 yaşlı Çingiz bir axşam dostları ilə görüşə gedir və geri qayıtmır. Mərdəkan bağlarının birində vəhşicəsinə qətlə yetirilir. Cinayətin dəhşəti insan ağlını dondurur: qatillər izi itirmək üçün gəncin meyitini tonqalda yandırır, tanınmaz hala salırlar. Yalnız ayaqların topuq hissəsi, şalvarın balaqları və ayaqqabılar salamat qalmışdı.

Səbəb? Bir ovuc parıltı. Babasının anasına ad günü üçün göndərdiyi brilyant dəst. Xüsusi zövqlə işlənmiş bu bəzək əşyasının qiyməti inanılmaz dərəcədə yüksək idi. Məhz bu hədiyyə ailəyə böyük bədbəxtlik gətirir. Çingizin dostu Alik onu özü ilə Mərdəkandakı bağlarına qonaq aparır, onlar gedib bağ evinə çatdıqdan bir qədər sonra başqa iki nəfər tanışları da “təsadüfən” gəlib ora çıxır. Sən demə, onlar bu işi əvvəlcədən planlaşdırıblarmış. Xeyli yeyib-içdikdən sonra Alik ondan babasının gətirdiyi brilyantların yerini soruşur və bu saat həmin dəsti onlara çatdırmasını tələb edir. Ancaq nə qədər qorxutsalar da, onun inadını sındıra bilmirlər. Məqsədlərinə çata bilməyəcəklərini görəndə elə bağ evindəcə qətlə yetirirlər.
Cinayətin üstü qısa zamanda açılır. Qatil nüfuzlu ailənin oğlu olsa da, Tamella susmur. Moskvaya gedir. Suslovla görüşür. Və ölüm hökmü icra olunur. Amma heç bir hökm ananın ürəyindəki boşluğu doldura bilmir.
Oğlunun ölümündən sonra Tamella bir daha ana olmaq istəmir. Hətta hamilə qalsa da, bu həyatı davam etdirməyə gücü çatmır. O, yaşamaqdan çox dözməyi öyrənmişdi.
Tamella xanım oğlunun ölümündən bir müddət sonra ikinci dəfə ailə həyatı qurur, lakin yeni övlad istəmir, hətta iki dəfə hamilə qalsa da, hər iki hamiləliyini dayandırır.
Bir müddət sonra o, həyatının maraqsız olduğunu hiss edir və əri ilə qərara alırlar ki, övladlığa uşaq götürsünlər. Uşaqlardan biri ər tərəfin qohumlarından yeni doğulmuş oğlan uşağı, digəri isə Tamella xanımın öz qohumlarından dörd yaşlı qız olur. Bu əhvalatdan altı ay keçir, Tamella xanımın ikinci həyat yoldaşı da dünyasını dəyişir.

İki uşaqla tək qalan bəstəkarın həyatı rahat olmur. Dörd yaşlı qızcığazı ailəsinə qaytarmalı olur. Oğlan uşağını saxlayır. Lakin hər dəfə oğlanın qohumları uşağı onun evindən oğurlayır, ondan küllü miqdarda pul tələb edib sonra geri qaytarırlar. Axırda bəstəkar polisə müraciət edir və uzun mübarizədən sonra uşağı geri qaytarır. Rəsmi şəkildə onun anası olmaqdan imtina etsə də bütün var-dövlətini uşağın adına keçirdiyi sənədə toxunmur və bu haqda heç kimə heç nə demir.
Ən ağır xəyanət isə evinin içindən gəlir. Qızı kimi saxladığı, toyunu etdiyi qulluqçu və onun əri. Bir axşam kömək bəhanəsi ilə evə gəlirlər. Deyir, oğlum xəstədir, ona kömək üçün həkimlərə zəng vurub tapşırmaq lazımdır. Bəstəkar çay gətirməyə gedəndə arxadan boğulur. Qızılların yerini deyir. Yalvarır. Yaşamaq istəyir. Amma qadın mərhəmət göstərmir:
“O, oğlunu öldürənləri həbs etdirdi, bizi də etdirər” – deyir və ölümə qərar verir.
Üç gün morqda qalan bəstəkarın nəşini, nəhayət, dördüncü gün qohumlarına verirlər. Bir zamanlar çiyin-çiyinə çalışan sənət dostlarından heç kim gəlmir. Nə bir alqış, nə bir vida nitqi. Yalnız öz bəstələrinin sədaları altında torpağa tapşırılan bir ömür.
Dəniz
Reklam
Oxşar xəbərlər
Bal arılarının inanılmaz yaddaşı sizi təəccübləndirəcək
Rafiq Hüseynov və Roza Tağıyevanın faciəli ailə hekayəsi – Oğullarını doğrayıb çamadana yığdılar
İtlərə bu qidaları QƏTİ VERMƏYİN
Yeni ilə belə girənlər VARLANIR
“Axırıncı aşırım”ın kölgəsində qalan gerçək Qəmlonun faciəvi həyatı