10 dəqiqəlik məşq xərçəngi yavaşladır – ARAŞDIRMA
Yeni bir araşdırmaya görə, cəmi 10 dəqiqəlik intensiv fiziki məşq bağırsaq xərçənginin irəliləməsini yavaşlada və DNT zədələrinin bərpasını sürətləndirə bilər.
Alimlər bildirirlər ki, məşq qanda sürətli molekulyar dəyişikliklər yaradaraq şişin inkişafını basqılayır. Qısa müddətli fiziki aktivliyin belə bağırsaq xərçəngi üzərində mühüm təsirlər göstərə biləcəyi müəyyən edilib. Yeni tədqiqat göstərib ki, cəmi 10 dəqiqəlik fiziki fəaliyyət xərçəng hüceyrələrinin böyüməsini dayandıra bilən bioloji prosesləri işə sala bilir.
Alimlər məşqdən sonra qanda baş verən sürətli molekulyar dəyişikliklərin şişlərin irəliləməsini ləngitdiyini vurğulayıblar. Əsas bioloji mexanizmin hələ tam aydınlaşdırılmadığı bildirilsə də, əldə olunan nəticələr fiziki aktivliyin bağırsaq xərçənginin yayılmasının qarşısını ala biləcəyinə dair sübutları gücləndirib.
Tədqiqat “Newcastle” Universiteti tərəfindən həyata keçirilib. Araşdırmada artıq çəkili və ya obez, lakin ümumi sağlamlıq vəziyyəti yaxşı olan 30 kişi iştirak edib. İştirakçılardan 10–12 dəqiqəlik intensiv velosiped məşqindən əvvəl və dərhal sonra qan nümunələri götürülüb.
Alınan qan nümunələri laboratoriya şəraitində bağırsaq xərçəngi hüceyrələri ilə təmas etdirilib. Tədqiqatçılar intensiv məşqdən sonra qanda iltihabı azaldan, damar funksiyalarını və maddələr mübadiləsini yaxşılaşdıran 13 fərqli zülalın səviyyəsinin artdığını müəyyən ediblər.
Məşqdən sonra yaranan bu molekulların xərçəng hüceyrələrinin genetik quruluşuna təsir göstərdiyi müəyyən olunub. Nəticələrə görə, DNT-nin bərpası və enerji istehsalı ilə əlaqəli genlərin aktivliyi artır, xərçəng hüceyrələrinin böyüməsinə cavabdeh olan genlər isə basqılanır.
Tədqiqatçılar “International Journal of Cancer” jurnalında dərc olunan məqalədə bu nəticələrin məşqin bağırsaq xərçənginə qarşı qoruyucu təsirini izah edə biləcək potensial mexanizm təqdim etdiyini bildiriblər.
Bu araşdırma yaxın vaxtlarda altı ölkədə aparılan və yüzlərlə bağırsaq xərçəngi xəstəsini əhatə edən başqa bir tədqiqatdan sonra açıqlanıb. Həmin araşdırmada müntəzəm məşq edən xəstələrdə ölüm riskinin üçdə birdən çox azaldığı müəyyən edilib.
Araşdırmaya görə, gündə cəmi 20 dəqiqəlik məşq bağırsaq xərçəngindən ölüm riskini dərmanlar qədər təsirli şəkildə azalda bilir. Beş il sonra məşq edən xəstələrdə ölüm və ya xəstəliyin irəliləmə riski 28 faiz, səkkiz il sonra isə 37 faiz daha az olub.
Bowel Cancer UK təşkilatının icraçı direktoru Genevieve Edvards bildirib ki, fiziki cəhətdən aktiv insanların bağırsaq xərçəngi riski daha aşağıdır. O, həftədə ən az 150 dəqiqə orta intensivlikdə fiziki fəaliyyətin vacibliyinə diqqət çəkib.
Edwards həmçinin lifli qidaların qəbulu, emal olunmuş ətdən uzaq durmaq, siqaret və alkoqolun azaldılması, eləcə də sağlam çəkinin qorunmasının bağırsaq xərçəngi riskini azaltdığını qeyd edib.
Dəniz
Reklam
Oxşar xəbərlər
Zeytun yarpağı: Sağlamlıq üçün faydaları və istifadəsi
İbn Sinanın öskürəyi kəsən MÖCÜZƏVİ QARIŞIMI – Ballı şərbət
Badam yağı – Sağlamlıq və gözəllik üçün təbii hədiyyə
Qara zirə nə üçün “şəfa toxumu” adlanır?
Bal, yoxsa bəkməz daha faydalıdır?
Zərdçalın faydaları: Sağlamlıq və gözəllik üçün təbii ədviyyat
Masa arxasında çalışanlar üçün 4 VACİB TÖVSİYƏ
Sağlam yuxunun SİRRİ – Həkimlərdən TÖVSİYƏ